MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında “Tamaşaların paradı” olacaq
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin idarə heyətinin növbəti iclası keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun iclasında müzakirə edilən əsas məsələ 20 mart - Dünya Uşaqları və Gəncləri Teatr Günü olub.
İclasda çıxış edən Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ–Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar Artist Mübariz Həmidov həmin gün haqqında ətraflı məlumat verib. Bildirib ki, bu əlamətdar gün 15 il əvvəl Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. 2011-ci ildən sözügedən quruma üzv olan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günün xüsusi qeyd edilməsini artıq ənənə halına gətirib. “Ana, məni bu gün teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir.
M.Həmidov rəhbərlik etdiyi teatrda nümayiş etdirilən səhnə əsərləri ilə tamaşaçıların mənəvi cəhətdən zənginləşməsinə, dünyagörüşlərinin formalaşmasına çalışdıqlarını söyləyib. Elə buna görə də Novruz bayramı günlərinə təsadüf edən Dünya Uşaqları və Gəncləri Teatr Günü münasibətilə martın 18-dən 25-dək Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq tamaşalar “Tamaşaların paradı” adı altında təqdim ediləcək.
Direktorun sözlərinə görə, dünyanın 100-dən artıq ölkəsinin qoşulduğu Beynəlxalq ASSİTEJ-in hər bir milli mərkəzində bu günlə bağlı xüsusi hazırlıqlar görülür. O deyib: “Yeni hazırlanan uşaq tamaşaları, sərgilər, ustad dərsi və treninqlər bu xüsusi günün ayrılmaz hissəsinə çevrilir. Biz də bayram ərəfəsində nümayiş etdirəcəyimiz tamaşalarımızla həmin günün Azərbaycan tamaşaçıları üçün əsl bayram əhval-ruhiyyəsi yaradacağına ümid edirik”.
Qeyd edək ki, bayram ərəfəsində yeni “Möcüzəli turp”, eləcə də cari repertuarda olan “Tıq-tıq xanım”, Qoğalın nağılı” və “Dəcəl keçi” tamaşaları nümayiş olunacaq.