REGİONLAR
Gəncə: şəhər sakinləri bələdiyyə üzvlərini seçirlər
Gəncə, 23 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Respublikanın hər bir bölgəsində olduğu kimi, Gəncədə də bütün məntəqələrdə səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səhər saat 08:00-dan başlayıb.
37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsinin sədri Seymur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə 24 açıq, 1 qapalı məntəqə var. DSK üzrə seçici sayı 33354 nəfərdir. Onlardan 462 nəfəri qapalı məntəqədə səs verəcək. Seymur Hüseynov DSK üzrə 18 yaşı tamam olan 181 nəfərin ilk dəfə səs verəcəyini qeyd edib.
38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsinin sədri Məntiq Cəfərovun sözlərinə görə, dairə üzrə 24 açıq və 1 qapalı məntəqə var. DSK üzrə 34366 nəfər seçicidən 500 nəfəri qapalı məntəqədə səs verəcək. 18 yaşı tamam olan 157 nəfər ilk dəfə səs verəcək.
Bu gün Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinə 62 namizəd arasından 19 üzv seçiləcək. Gəncə Şəhər Nizami Rayon Bələdiyyəsinə də 19 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 71-dir. Gəncə Şəhər Kəpəz Rayonu Hacıkənd qəsəbə bələdiyyəsinə isə 12 namizəddən 5-i üzv seçiləcək.