İQTİSADİYYAT
Gəncədə gənc sahibkar qadınların istehsal etdikləri məhsulların satış-sərgisi keçirilmişdir
Gəncə, 24 may (AZƏRTAC). Gəncədə Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə regionun gənc sahibkar qadınlarının istehsal etdikləri məhsullardan ibarət satış-sərgi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, RAMADA plaza otelində təşkil olunmuş satış-sərgidə Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Əhmədova çıxış edərək belə tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini demiş və vurğulamışdır ki, budəfəki sərgi əvvəlkilərdən miqyası və zənginliyi ilə seçilir. Belə ki, satış-sərgiyə Gəncə ilə yanaşı Bakı, Qazax, Şəmkir, Tovuz, Samux, Mingəçevir, Goranboy və digər şəhər və rayonlardan 80-dən artıq sahibkar qadın 200-dək adda məhsul təqdim etmişdir. Alıcılara qadın və uşaq geyimləri, yataq dəstləri, ev bəzək əşyaları, pərdə və süfrələr, gəlinlik və cehizliklər, tətbiqi sənət işləri, xalçalar, zinət əşyaları, rəsm əsərləri, ətirlər və başqa məhsullar təklif olunmuşdur.
Satış-sərgiyə təşrif buyuran Ailə, Qadın və Uşaq Problemləru üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Türkiyə Respublikasının Gəncədəki baş konsulu Haluk Ağca və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.
Bütün gün davam edən satış-sərgiyə gələnlərin bir çoxu oradan əlidolu qayıtmışdır.