CƏMİYYƏT
Gəncədə insan alveri və məişət zorakılığı qurbanlarının məskunlaşdığı sığınacağa monitorinq səfəri təşkil olunub
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi “Təmas Regional İnkişaf” İctimai Birliyinin (İB) Gəncə şəhərində yerləşən və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində dəstəklədiyi sığınacağa monitorinq səfəri təşkil edib.
AZƏRTAC xəbər verir ki, son rüb ərzində adı çəkilən sığınacaq insan alveri və məişət zorakılığının qurbanı olmuş 88 qadın və uşağa dəstək olub.
Sığınacaq qurbanların şəxsi təhlükəsizliyini təmin edir, eləcə də onların bir daha zorakılığa məruz qalmasının qarşısını alır. İB 2016-cı ildən etibarən BMqT-nin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq edir. Bu, Gəncə regionunda qurbanları dəstəkləyən və onlara normal həyat sürmək imkanı yaradan, dəstək verən və xidmətlər göstərən yeganə sığınacaqdır.
BMqT tərəfindən həyata keçirilən USAID-in “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Bura insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.