CƏMİYYƏT
Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar
Bakı, 20 iyun, AZƏRTAC
Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun üzərindən şəffaf rəngli sellofana bükülü 4 ədəd büküm aşkarlanıb. Baxış zamanı 1 ədəd bükümdə 23 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində “M40” nişanəsi olan “metadon” adlı dərman preparatı, 3 ədəd bükümdə isə ümumi çəkisi 15,29 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək olduğu müəyyən edilib.
Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.