REGİONLAR
Göyçayda Gənclərin inkişaf forumu keçirilib
Göyçay, 22 noyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Göyçayda Gənclərin inkişaf forumu keçirilib.
Forumda bir çox dövlət təşkilatlarının və özəl sektorun rəhbərləri, biznesmenlər, sahibkarlıq subyektlərinin məsul şəxsləri və işəgötürən qurumların nümayəndələri iştirak ediblər.
Panel müzakirələrinə Dövlət Məşğulluq Agentliyinin Göyçay üzrə müdiri Mehman Bağırlı, KOBİA-nın Aran regionu üzrə koordinatoru Ayaz Ədilov, KOB dostu Rahim Məmmədov, KOBİA-nın Göyçay üzrə nümayəndəsi Fəridə Abbasova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov və digərləri qatılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində qurumlar öz xidmətləri haqqında geniş məlumat verib, habelə gəncləri maraqlandıran sualları cavablandırıblar.
Bildirilib ki, forumun keçirilməsində məqsəd sahibkarlıqla məşğul olan və ya olmaq istəyən gənclərin dövlət qurumları ilə daha operativ təmaslarının təşkil edilməsi, dövlət qurumlarının və özəl sektorların xidmətlərinin müxtəlif qruplardan olan gənclərə təqdim edilməsidir. Forumda gənclərin inkişafı və işsizlik problemlərinin həlli istiqamətində xidmətlər, habelə idmanın inkişafı səpkisində yeniliklər, dövlət tərəfindən yaradılan imkanlar iştirakçıların diqqətinə çatdırılıb.
Forum çərçivəsində təkliflər planı hazırlanıb və bu planın həyata keçirilməsi istiqamətində tədbirlər görüləcək.