ELM VƏ TƏHSİL
Göyçayda tələbə adını qazanmış məzunlarla görüş olmuşdur
Göyçay, 8 sentyabr (AZƏRTAC). Bu il Göyçayda 342 məzun tələbə adını qazanmışdır. Onlardan 19 nəfəri 600-dən, 64 nəfəri 500-dən yuxarı bal toplamışdır. Səkkiz gənc isə xüsusi təyinatlı ali məktəblərə daxil olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar rayonda tələbə adını qazanmış gənclərlə keçirilən görüşdə səsləndirilmişdir. Həmçinin bildirilmişdir ki, təhsil islahatlarının davamlı şəkildə həyata keçirilməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Bunun nəticəsidir ki, ali məktəblərə qəbul olunan gənclərin sayı ilbəil artır. Rayonun şagirdləri respublika fənn olimpiadalarında və digər bilik yarışlarında daim uğurlar qazanırlar.
Çıxış edənlər dövlət tərəfindən təhsilin inkişafına göstərilən böyük diqqət və qayğıdan danışmış və bildirmişlər ki, son 10 ildə Göyçayda 9 müasir məktəb binası tikilmiş, 8 məktəb əsaslı şəkildə yenidən qurulmuşdur. Nəticədə 10 minə yaxın şagirdin təhsil şəraiti yaxşılaşmışdır.
Görüşdə 686 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olan Ləkçiplaq kənd məktəbinin məzunu Şəlalə Əhmədova onlara göstərilən diqqət və qayğıya görə həmyaşıdları adından minnətdarlığını bildirmişdir.
Sonra ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlara qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbir yerli incəsənət kollektivlərinin çıxışları ilə davam etmişdir.