CƏMİYYƏT
Göyçayın Qaraman kənd məscidində iftar süfrəsi açılmışdır
Göyçay, 11 iyul (AZƏRTAC). Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov ənənəsinə sadiq qalaraq bu ilki Ramazan ayında da Göyçayın müxtəlif yaşayış məntəqələrində iftar məclisləri təşkil edir.
AZƏRTAC xəbər verir ki, Elxan Süleymanovun təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri Göyçayın Qaraman kənd məscidində keçirilmişdir. Məclisdə 100-ə yaxın oruc tutan şəxs iştirak etmişdir.
Dindarlarla yanaşı, imkansız şəxslərin, qocaların, şəhid ailələri üzvlərinin, veteranların, məcburi köçkünlərin, kimsəsizlərin də iştirak etdikləri iftar mərasimində süfrələrə Azərbaycanın ləziz milli yeməkləri və şirniyyatlar düzülmüşdür.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılmış, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi arzulanmışdır.
Mərasimdə müqəddəs "Qurani-Kərim"dən ayələr oxunmuşdur.
Ramazan bayramınadək Göyçay şəhərində və kəndlərdə mövcud olan məscidlərdə də iftar süfrələri açılacaqdır.