CƏMİYYƏT
Göygöldə şadlıq evində, Lənkəranda isə avtomobildə baş vermiş yanğınlar vaxtında söndürülmüşdür
Bakı, 24 avqust (AZƏRTAC). Göygöl rayonunda ümumi sahəsi 625 kvadratmetr olan birmərtəbəli şadlıq evində yanğın baş vermişdir.
Hadisə nəticəsində şadlıq evinin dam örtüyü 45 kvadratmetr sahədə yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını vaxtında almış, şadlıq evinin qalan hissəsini yanğından mühafizə etmişlər.
Lənkəran rayonunun Zövlə kəndində isə “KİA” markalı minik avtomobili yanmışdır. Burada da yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verməmişlər. Yanğın zamanı avtomobildə müxtəlif dərəcəli yanıq xəsarətləri almış bir sərnişin xəstəxanaya çatdırılmışdır.
Sabirabad rayonunun Yolçubəyli kəndində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evdə yanğın qeydə alınmışdır.
Evin mətbəxinin tavanı xeyli sahədə yanmışdır. Burada da alovun evin qalan hissəsinə keçməsinin qarşısını almaq mümkün olmuşdur.
Hadisələrlə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.