SİYASƏT
GUAM-ın informasiya texnologiyaları üzrə işçi qrupunun növbəti iclası olmuşdur
Kiyev, 8 aprel (AZƏRTAC). Aprelin 7-də Tbilisidə Gürcüstan tərəfin sədrliyi ilə informasiya texnologiyaları üzrə işçi qrupunun dördüncü iclası olmuşdur. İclasda GUAM-ın iştirakçıları olan dövlətlərin və təşkilatın Katibliyinin nümayəndələri iştirak etmişlər.
Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki mənzil-qərargahından bildirmişlər.
İclas iştirakçıları qanunvericiliyin təkmilləşdirilməsi, statistik məlumatlar, makrogöstəricilər və bu sahədə reallaşdırılan layihələr üzrə sistemli informasiya mübadiləsi məsələlərini, GUAM-ın Sahəvi Əməkdaşlığın İnkişafı Strategiyasının həyata keçirilməsi istiqamətində təşkilatın iştirakçıları olan dövlətlər arasında əlaqələr mövzusunu, informasiya texnologiyaları sahəsində mümkün yeni layihələri müzakirə etmişlər.
Tərəflər elm və təhsil, informasiya texnologiyaları üzrə işçi qrupların distant təhsilin inkişafı mövzusunda birgə iclasının keçirilməsi, eləcə də beynəlxalq sahəvi tədbirlərdə iş zamanı GUAM-ın iştirakçıları olan dövlətlər arasında mövqelərin uyğunlaşdırılması üzrə əlaqələndirmə fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılığa gəlmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev