İDMAN
Güləş ictimaiyyəti Azərbaycan idmançılarının qələbələrini heyranlıqla izləyir
Bakı, 9 avqust (AZƏRTAC). Belə nəticə gözləmirdik. Güləş tarixində hələ heç vaxt bir ölkənin 6 idmançısı finala çıxmayıb. Bu, baş verəndə hamı - həm komandaların nümayəndələri, həm də Beynəlxalq Güləş Federasiyasının rəhbərliyi təəccübləndi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında idmançılarımızın uğurlu çıxışı haqqında danışarkən deyib.
O bildirib ki, Azərbaycanda güləşçilərimiz üçün Federasiya rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. İdmançılarımız səylə hazırlaşırlar, məşqçilər də öz üzərinə düşən tapşırığı yerinə yetirirlər. Zaqrebdəki dünya çempionatından əvvəl güləşçilərimiz Bakıda və Qusarda təlim-məşq toplanışı keçiriblər. Mən güləşçilərimizin çıxışlarını izlədim və çox mühüm amili qeyd etmək istəyirəm ki, onlar rəqiblərindən çox üstün idilər. Əgər iki il əvvəl cəmi 3 qızıl medal qazanmışdıqsa, bu dəfə onların sayı 5-dir. Eyni zamanda komanda hesabında birinci yeri tutduq.
Əjdər Cəfərov vurğulayıb ki, dörd güləşçimiz püşkatmaya əsasən erməni idmançıları ilə üzləşib. İdmançılarımızın hamısı görüşləri qələbə ilə başa vurub. Xüsusən də Ruhin Mikayılovu qeyd etmək istəyirəm. O, bir ay əvvəl Avropa çempionu olmuş Qrant Kalaçyan ilə qarşılaşdı. Çətin rəqib olsa da Ruhin görüşün sonuna 10 saniyə qalmış yerinə yetirdiyi fəndlə onu məğlub etdi. Ermənilər şokda idilər. Onlar idmançılarının dünya çempionatında da qalib olacağını gözləyirdilər, amma R.Mikayılov ondan üstün oldu. Hətta ermənistanlı məşqçi emosiyalarını cilovlaya bilmədi və yetirməsini söyə-söyə ona bir neçə zərbə endirdi. Təəssüf ki, Ruhin finalda uduzdu. Amma onun həlledici görüşədək irəliləməsi böyük uğurdur. Sadəcə, əvvəlki mübarizələr zamanı çox güc itirdi və sonuncu qarşılaşmada yorulmuşdu.
Federasiyanın baş katibi bildirib ki, gənc qızlar da çempionatda uğurla çıxış etdilər. Qarşıda bizi sərbəst güləşçilərin yarışı gözləyir. İnanıram ki, onlar da mükafatçılar sırasında yer alacaqlar. Gənclərin uğurlu çıxışı Azərbaycan güləşi, ölkə idmanı üçün ən vacib məsələlərdəndir. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov dəfələrlə bildirib ki, yığma komandanın ehtiyat qüvvəsi həmişə hazır vəziyyətdə olmalı, onlara xüsusi diqqət ayrılmalıdır. Federasiyanın birinci vitse-prezidenti Namiq Əliyev tez-tez təlim-məşq toplanışlarına gələrək gənc güləşçilərin vəziyyəti ilə maraqlanır. Zaqrebdə də güləş ictimaiyyəti Azərbaycan idmançılarının qələbələrini heyranlıqla izləyir. Bu, düzgün yolda olduğumuzu göstərir. Hətta həmişə hakimləri tənqid edənlər, Azərbaycan güləşinə kölgə salmaq istəyənlər də sakit dayanıblar. Ümumiyyətlə, Azərbaycan güləşinin uğuru göz qabağındadır.