İDMAN
Güləş üzrə Azərbaycan yığma komandaları təlim-məşq toplanışına başlamışlar
Bakı, 7 yanvar (AZƏRTAC). 2014-cü ilin təqvim planına əsasən qarşıdan gələn yarışlara hazırlıq məqsədilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışına başlamışlar.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığması baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırlıq keçirlər.
Yanvarın 14-dək davam edəcək təlim-məşq toplanışına 12 idmançı - Yaşar Əliyev, Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Ruslan Dibirhacıyev, Toğrul Əsgərov, Əşrəf Əliyev, Cəbrayıl Həsənov, Həmzət Osmanov, Aleksandr Qostiyev, Xetaq Qazyumov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov cəlb olunmuşdur.
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri isə Özbəkistan Güləş Federasiyası ilə imzalanmış müqaviləyə əsasən bu ölkədə hazırlıq keçirlər. Yanvarın 6-dan başlayan hazırlıq iki həftə davam edəcəkdir. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 12 idmançı Özbəkistana yollanmışdır.