CƏMİYYƏT
Hərbiçilərimizin sayıqlığı nəticəsində düşmənin atəş nöqtələri dərhal aşkarlanır və cavab atəşi ilə susdurulur
Qazax, 9 avqust (AZƏRTAC, Məhərrəm Əlioğlu). Müdafiə Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsinə getmiş bir qrup QHT və KİV nümayəndələri avqustun 9-da cəbhənin Qazax rayonu istiqamətindəki “N” saylı hərbi hissədə olub, ön xətdə xidmət edən əsgərlərlə görüşüblər.
Azərbaycan Ordusunun yüksək rütbəli zabiti bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri hər gün atəşkəsi pozur, bütün istiqamətlərdə mövqelərimizi iri çaplı silahlardan atəşə tuturlar. Lakin düşmən layiqli cavabını alır. Hərbiçilərimizin sayıqlığı nəticəsində düşmənin atəş nöqtələri dərhal aşkarlanır və cavab atəşi ilə susdurulur: “Hərbçilərimizə diqqət daha da artıb. Xidmətlə fərqlənən döyüşçülər qiymətləndirilir. Nəticədə şəxsi heyət arasında böyük ruh yüksəkliyi yaranır ki, bu da bizim üçün çox önəmlidir. Vətən torpağının hər qarışı bizim üçün müqəddəsdir. Düşməndən qat-qat güclü olan Azərbaycan Ordusunun hər bir əsgəri, zabiti, giziri Ali Baş Komandanın əmrini gözləyir”.
Zabit qeyd edib ki, ermənilər düşmən postlarına yaxın ərazidə yerləşən kəndlərimizi də atəşə tutur, dinc sakinləri yaralayırlar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev yerli əhalinin ordumuzun gücünə inandığını vurğulayıb. Düşmənin mövqelərinə yaxın ərazilərdəki kəndlərimizin sakinləri gündəlik işlərlə məşğul olurlar. Kənd sakinləri, veteranlar ön cəbhəyə getmək üçün bizə müraciətlər edirlər. Lakin ordumuzun gücü yetərincədir, ona görə də buna ehtiyac yoxdur. Əhali ilə ordu arasında sıx əlaqələr var, vətənpərvərlik ruhu yüksəkdir.
Qeyd edək ki, QHT və KİV nümayəndələri Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində səngərdə olarkən Ermənistan silahlı qüvvələrinin bölmələri həmin ərazini atəşə tutublar. Əsgərlərimiz dərhal cavab atəşi ilə düşməni susdurublar.
Sonra media təmsilçiləri və ictimaiyyət nümayəndələri iyulun 31-dən avqustun 1-nə keçən gecə düşmənin diversiya qrupunun həmləsini dəf edərkən qəhrəmanlıqla həlak olmuş gizir İsa Almasovun yas mərasimində iştirak ediblər.
İ.Almasovun həyat yoldaşı qəhrəman gizirimizin Vətən uğrunda şəhid olması ilə qürur duyduğunu, Azərbaycanın igid əsgərlərinin mərhumun qanını yerdə qoymadıqlarını deyib.
QHT və KİV nümayəndələri həmin gün cəbhənin Tovuz rayonu istiqamətindəki “N” saylı hərbi hissədə olublar. Düşmənlə üz-üzə dayanıb Vətənin keşiyində duran hərbi qulluqçularımız bildiriblər ki, erməni silahlı birləşmələrinin şəxsi heyəti arasında növbə çəkmək üçün hərbçilər çatışmadığından yerli əhali cəlb olunur. Qarşı tərəfdən mövqelərimiz gündüz saatlarında ara-sıra, gecələr isə intensiv olaraq kiçik və iriçaplı silahlardan atəşə tutulur. Xüsusən də Tovuzun Əlibəyli kəndindəki mövqelərimiz atəşə məruz qalır. Lakin düşmənə layiqli cavab verilir, onların texnikası və şəxsi heyəti məhv edilir.
Nümayəndə heyəti iyulun 31-dən avqustun 1-nə keçən gecə düşmənin diversiya qrupunun həmləsini dəf edərkən qəhrəmanlıqla həlak olmuş əsgər Vüqar Poladovun Tovuz rayonunun Aşağı Öysüzlü kəndindəki yas mərasimində iştirak ediblər.
İgid əsgərimizin valideynləri, keçmiş döyüşçülər deyiblər ki, şəhidlik adını qazanmaq hər kəsə nəsib olmur. O, bu ada qəhrəmanlıq göstərərək yüksəlib. Biz onunla qürur duyuruq.
Sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ilə görüş olub. T.Zeynalov bildirib ki, tovuzlular ermənilərin Azərbaycana təcavüzünün ilk günündən doğma torpaqlarımızın müdafiəsinə qalxıblar. Azərbaycanın iqtisadi qüdrəti, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti torpaqlarımızın tezliklə işğaldan azad olunacağına tam əminlik yaradıb.