İDMAN
Həştərxan nümayəndə heyəti “Bakı-2015” birinci Avropa Oyunlarının açılışında iştirak edəcək
Bakı, 29 may, Laçın Sultanova, AZƏRTAC
Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər zamanı “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsinə hazırlığın gedişatı ilə tanış olub.
AZƏRTAC Həştərxan Vilayət Administrasiyasının saytına istinadla xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin başda olmaqla, vilayətin nümayəndə heyəti Oyunların açılışına dəvət edilib. Nümayəndə heyətində Həştərxan idmançıları - olimpiyaçılar, habelə bədən tərbiyəsi və idman sahəsinin işçiləri də təmsil olunublar. Səfər iyunun 11-13-nə nəzərdə tutulub.
Həştərxan Vilayət Administrasiyasının məlumatda deyilir ki, birinci Avropa Oyunları həqiqətən də bir çox ölkələrin xalqlarını birləşdirməyə imkan verən möhtəşəm hadisə olacaq. Rusiyalı turistləri Azərbaycanda xüsusi gözləyirlər.
Məlumatda deyilir: “Ölkələrimiz arasında dostluğa və etimada söykənən əlaqələr sakinlərin münasibətlərinə də təsir göstərir. Demək olar, hər kəs rus dilində danışır, küçədə gənclər arasında ünsiyyət də çox vaxt rus dilində olur. Hazırda Bakı ilə Həştərxan arasında birbaşa aviasiya reysi yoxdur. Lakin arzu edən hər kəs qatardan istifadə etməklə, yaxud İstanbul vasitəsilə bu şəhərə gələ bilər.
Oyunlar hazırda Avropanın 50 milli olimpiya komitəsini birləşdirən, qərargahı Lozannada yerləşən beynəlxalq olimpiya təşkilatı tərəfindən keçirilir. Oyunların açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə iyunun 28-də olacaq”.