İQTİSADİYYAT
Heydər Əliyev adına Bakı neft emalı zavodunda yeni qurğu inşa edilir
Bakı, 26 avqust (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunun 55 nömrəli katalitik qurğusunun quru qaz məhsulunun “Azərikimya” İstehsalat Birliyinin etilen-propilen zavoduna verilməsi ilə əlaqədar, quru qazın kükürdlü birləşmələrdən, CO və CO2 qatışıqlarından təmizlənməsinə ehtiyac yaranmışdı. Bununla əlaqədar “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında zavodda quru qazın və dövr etdirilən hidrogen tərkibli qazların amin məhlulu ilə təmizlənməsi sisteminin işlənməsi və doymuş amin məhlulunun regenerasiya blokunun tikintisinə başlanılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurğunun istismara verilməsi ilə dizel yanacağının hidrotəmizlənməsi prosesində dövretdirilən hidrogen tərkibli qazlar və 55 nömrəli katalitik qurğusunda alınan quru qaz metildietanolamin məhlulu ilə təmizlənəcək. Doymuş amin məhlulunun regenerasiya prosesi isə 54 nömrəli qurğunun bazasında inşa edilən yeni qurğuda həyata keçiriləcək. Qurğuda texnoloji proses HC-900 avtomatlaşdırılmış idarəetmə sistemi ilə idarə olunacaq. Hazırda qurğuda son tikinti-quraşdırma və sazlama işləri aparılır.
Yeni qurğunun “Əsrin Müqaviləsi”nin 20 illiyi ərəfəsində istismara verilməsi nəzərdə tutulub.