İQTİSADİYYAT
Heydər Əliyev adına BNEZ-də müasir səviyyəölçənlərin quraşdırılmasına başlanılmışdır
Bakı, 14 mart (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) istismar olunan əmtəə parklarındakı çənlərdə müasir səviyyəölçənlərin quraşdırılmasına başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, yeni cihazlar ilk olaraq zavodun katalitik krekinq üzrə 5 nömrəli istehsalat sahəsinin 5 və 6 nömrəli çənlər parkında tətbiq olunmuşdur.
“Krohne” şirkətinin istehsalı olan həmin kontaktsız radar tipli səviyyəölçənlər zavoddaxili operativ əmtəə əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuşdur. Səviyyəölçənlərin çıxışları 55 nömrəli qurğunun “Experion PKS” tipli texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulmuşdur. Nəticələrə əmtəə parkının və texnoloji qurğunun operatorları nəzarət edirlər.
Səviyyəölçənlər “Avtomatikaquraşdırma” ASC-nin mütəxəssisləri tərəfindən quraşdırılmış, sazlama işləri 5 nömrəli istehsalat sahəsinin nəzarət ölçü cihazları və avtomatika sahəsinin mütəxəssisləri tərəfindən aparılmışdır. Səviyyəölçənlərin tətbiqi çənlərin dolma-boşalma proseslərinə operativ nəzarəti gücləndirəcək və təhlükəsiz istismara tam şərait yaradacaqdır.