SİYASƏT
Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100-dən artıq nöqtəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılır
Bakı, 23 fevral (AZƏRTAC). Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında səfirlik, konsulluq, diplomatik nümayəndəliklər və diaspor təşkilatlarının xətti ilə qeyd olunacaqdır.
Heydər Əliyev Fondunun hazırladığı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilən bu təbliğat materialları artıq bir çox xarici ölkələrdə yayılmışdır. 2005-ci ildən başlayaraq Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayevo və başqa şəhərlərdə soyqırımına həsr olunmuş anma mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Mərasimlərdə Fondun hazırladığı “Xocalı soyqırımı” filmi, ermənilərin törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində faciə haqqında dərc olunmuş materiallar təqdim ediləcəkdir. Tədbirlər çərçivəsində, həmçinin Heydər Əliyev Fondu tərəfindən ümumtəhsil məktəbləri və uşaq evlərində keçirilmiş “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar da nümayiş olunacaqdır.
Anma mərasimlərində Fondun hazırladığı və beynəlxalq ictimaiyyətə ünvanlanmış “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının yayımı da nəzərdə tutulur.
“Qarabağ həqiqətləri” bukletlər toplusunda Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının ölkəmizə qarşı fəaliyyəti haqqında ətraflı məlumat verilir. 2005-ci ildən başlayaraq Azərbaycan, rus, ingilis, alman, macar, fransız və digər dillərdə nəşr olunan “Qarabağ həqiqətləri” bukleti bu il də beynəlxalq ictimaiyyətə təqdim olunacaqdır.
Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotoşəkillərlə zəngindir. Bukletlərdə Azərbaycanın xəritəsi verilmiş və Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz göstərilmişdir. Həmçinin, bukletlərdə münaqişə nəticəsində dəymiş ziyan, erməni terrorizmi, işğalın qurbanları və başqa məlumatlar da verilmişdir.
İngilis dilində “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabında isə oxuculara milli-tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandalizm aktları barədə ətraflı məlumat verilir.
Tədbirlər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Avropa şəhərlərindən birində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı mərasimi də keçiriləcəkdir.
Qeyd edək ki, dünya ictimaiyyətinə Xocalı faciəsi barədə obyektiv və düzgün informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn belə tədbirlərə müxtəlif qurumların, diplomatik korpusların nümayəndələri, şəhər sakinləri, eləcə də xarici KİV təmsilçiləri də dəvət olunurlar.