MƏDƏNİYYƏT
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). Dekabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində Ulu Öndərin xatirəsini anma günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər.
AZƏRTAC xəbər verir ki, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə reallaşan tədbirdə İB-nin üzvləri, ziyalılar, Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra ustad sənətkar Aşıq Şəmşirin 1970-80-ci illərdə Ulu Öndərə həsr etdiyi “Zərli tac ağıllı, kamallı başa yaraşır” şeiri əsasında hazırlanmış videoçarx nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin nümayəndəsi Həbib Misirov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. H.Misirov Ulu Öndərin Dədə Şəmşirə, onun yaradıcılığına həmişə böyük qiymət verdiyini söyləyərək, ümummilli lider Heydər Əliyevin Aşıq Şəmşirin 110 illiyinin keçirilməsi barədə Sərəncam imzaladığını qeyd etmişdir. Bu Sərəncama əsasən, Göygöl rayonundakı musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş, orada abidəsi ucaldılmışdır.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin sədri Qənbər Qurbanov Ümummilli Liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə böyük diqqət yetirdiyini söyləmişdir.
Qənbər Qurbanov Ulu Öndərlə bağlı xatirələrini söyləmiş, dahi şəxsiyyətin Kəlbəcər rayonu üçün gördüyü işlərdən danışmışdır. O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş hər bir kəlbəcərlinin ümummilli lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini söyləmişdir. O, dövlət başçısının kəlbəcərlilərə qayğısından danışmışdır.
Tədbirdə çıxış edən Adil Cəmil, Nağdəli Zamanov, Nəriman Ocaqlı və digər ziyalılar ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsindəki uğurlu fəaliyyətindən, mədəniyyət və incəsənət xadimlərinə, onların yaradıcılığına verdiyi qiymətdən söhbət açmışlar.