İQTİSADİYYAT
“Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 12 iyun (AZƏRTAC, Xalid Məmmədov). İyunun 12-də Azərbaycan Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə birgə elan etdikləri “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqəyə 64 yazı təqdim olunduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, yazılar müstəqil ekspertlər tərəfindən qiymətləndirilmişdir.
Müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir vergi sistemi ilə bağlı yeniliklərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Belə müsabiqələr davam etdiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Cahangir Məmmədli müsabiqənin əhəmiyyətindən danışmışlar.
Vurğulanmışdır ki, bu cür müsabiqələr jurnalistlərin peşəkarlığının artırılmasına öz töhfəsini verəcəkdir.
Natiqlər müsabiqədə jurnalistlərin fəallığını yüksək qiymətləndirmişlər.
Sonda qaliblər pul mükafatı və xüsusi diplomlarla təltif olunmuşlar.