DÜNYA
Hindistanda silahlıların hücumu nəticəsində 6 polis əməkdaşı həlak olub
Bakı, 27 iyun, AZƏRTAC
Hindistanın şərqində yerləşən Carxand ştatında silahlıların qurduğu pusquya düşən xüsusi təyinatlı polis bölməsinin 6 əməkdaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, NDTV telekanalının yaydığı məlumata görə, iyunun 26-da gecə saatlarında polis maoçu qruplaşmasına aid silahlıların ştatın kiçik rayonunda toplandığı barədə məlumat alıb. Bir neçə saatdan sonra həmin yerə gələn polis əməkdaşları pusquya düşüb. Onların avtomobili partladılıb və atəşə tutulub. Xeyli müddət davam edən atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı öldürülüb, bir neçəsi isə yaralanıb.
Hazırda bölgəyə əlavə qüvvələr göndərilib, hücum edənlərin axtarışı davam edir.
Hindistanda naksalitlər adlandırılan maoçu qruplaşmasının silahlıları ölkənin Bihar, Çhattisqarh, Carxand, Orisse kimi bir neçə ştatında aktiv fəaliyyət göstərir. Onlar cəngəlliklərdə partizan müharibəsi apararaq müntəzəm olaraq hökumət nümayəndələrinə hücumlar təşkil edir. Radikallar 1960-cı illərdən başlayaraq “kəndlilərin kapitalizm əsarətindən azad olunması” məqsədinə çatmaq uğrunda Hindistanın mərkəzi hökumətinə qarşı döyüşürlər.