CƏMİYYƏT
İƏT-in Baş katibi Beynəlxalq Ahıllar Günü ilə bağlı üzv ölkələrə müraciət edib
![İƏT-in Baş katibi Beynəlxalq Ahıllar Günü ilə bağlı üzv ölkələrə müraciət edib](/files/2022/3/1200x630/1664621050241236937_1200x630.jpg)
Qahirə, 1 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Beynəlxalq Ahıllar Günü ilə bağlı təşkilata üzv ölkələrin hökumətlərinə müraciət ünvanlayıb.
İƏT-in Baş katibliyindən AZƏRTAC-a daxil olmuş müraciət mətnində qeyd olunub ki, Baş katib BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsi ilə hər il oktyabrın 1-də beynəlxalq ictimaiyyət tərəfindən qeyd olunan Beynəlxalq Ahıllar Günündə üzv dövlətləri və beynəlxalq ictimaiyyəti ahıl insanlar üçün əlavə imkanlar yaratmağa və dəyişən dünyada onların üzləşdikləri çağırışlara qarşı dayanıqlığı artırmaq üçün qüvvələri birləşdirməyə çağırıb.
Hissein Brahim Taha bildirib ki, İƏT ahılların sosial müdafiəsinin təmin edilməsini cəmiyyətin rifahının yüksəldilməsi üçün vacib amil hesab edir. Təşkilatın qətnamələrində dəfələrlə vurğulanıb ki, sosial meyarların əsas göstəricisi insanların rifah halının yüksəldilməsi vasitəsilə davamlı inkişafa nail olmaqdır. 2019-cu ildə İstanbulda keçirilən Sosial İnkişaf üzrə Nazirlər Konfransının 1-ci sessiyasında İƏT-in Ahıllar üzrə Strategiyası da qəbul edilib.
İƏT-in Baş katibi ahılları dəstəkləməyə, onların həyat şəraitini yaxşılaşdırmağa, eyni zamanda onların təcrübəsindən faydalanmağa, yerli icmalarda yaşlı insanların rolunu aktivləşdirməyə çağırıb. O, həmçinin təşkilatın müvafiq orqan və strukturlarını, habelə tərəfdaş qurumlarını bu istiqamətdə üzv dövlətlərin səylərini dəstəkləməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə