CƏMİYYƏT
İƏT-in Baş katibi: İslam ölkələrində qadınlar cəmiyyət həyatının bütün sahələrində daha fəal iştirak etməlidir
Qahirə, 2 avqust, AZƏRTAC
İslam ölkələrində qadınlar cəmiyyət həyatının bütün sahələrində daha fəal iştirak etməli, tərəqqi və quruculuğa töhfə verməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Ciddədə İƏT-in nəzdində fəaliyyət göstərən Qadın İnkişaf Təşkilatının icraçı direktoru Əfnan bint Abdulla Əl-Şuayibi ilə keçirdiyi görüşdə söyləyib.
Misir hökumətinə İƏT-in Qadın İnkişaf Təşkilatının baş ofisi üçün yer ayırdığına görə təşəkkürünü bildirən Baş katib qeyd edib ki, İslam ölkələrində qadınların təhsili, işlə təmin edilməsi, iqtisadiyyat, elm, texnologiya sahələrində iştirakı prioritet vəzifələr olmalıdır. İƏT-in Baş katibliyi təşkilata üzv ölkələrdə bu məqsədlə həyata keçiriləcək layihələrə, həmçinin Qadın İnkişaf Təşkilatında yaradılmış işçi qrupunun fəaliyyətinə hər cür dəstək verməyə hazırdır. Baş katib vurğulayıb ki, təşkilatın ən mühüm vəzifələrindən biri də üzv ölkələrdə qadınların hüquqlarının qorunmasıdır.
İƏT-in Qadın İnkişaf Təşkilatı ötən il Qahirədə keçirilən konfransda təsis edilib, bu ilin fevralında isə Səudiyyə Ərəbistanının təmsilçisi, professor Əfnan bint Abdulla Əl-Şuayib təşkilatın icraçı direktoru seçilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə