İMİŞLİDƏ 6 AYIN SOSİAL-İQTİSADİ YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
İmişli, 14 avqust (AZƏRTAC). İmişli Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası olmuşdur.
İclasda cari ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları təhlil edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev hesabat məruzəsində göstərmişdir ki, bu müddətdə iqtisadiyyatın əsas sahələri üzrə 103392,5 min manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir.
İstehsal olunan məhsulların və göstərilən xidmətlərin 50756,7 min manatı və ya 49,1 faizi sənayenin, 29925,1 min manatı və ya 28,9 faizi kənd təsərrüfatının, 13692 min manatı və ya 13,3 faizi ticarət və ictimai iaşənin, 7141,6 min manatı və ya 6,9 faizi tikintinin, 1593,1 min manatı və ya 1,5 faizi nəqliyyatın, 283,6 min manatı və ya 0,3 faizi rabitə müəssisələrinin payına düşür.
Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq rayon üzrə ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artmış, həmin artım rabitədə 10,6 faiz, sənayedə 9,4 faiz, kənd təsərrüfatında isə 2,2 faiz təşkil etmişdir.
Qeyd olunmuşdur ki, rayon üzrə iribuynuzlu mal-qaranın sayı 78773 başa, qoyunların sayı 218298 başa, quşların sayı isə 814595 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə mal-qara 2661 baş, qoyunlar 4348 baş, quşlar isə 125685 baş artmışdır. Ət istehsalı 3441 ton, süd istehsalı 15358 ton, yumurta istehsalı 10356 min ədəd, yun istehsalı isə 282 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ heyvandarlıq məhsullarının istehsalı artmışdır.
2009-cu ilin birinci yarısında təsərrüfat hesablı İmişli rayon Aqroservis filialı tərəfindən 208 ədəd kənd təsərrüfatı texnikası ilə fermerlərə 106,0 min manat dəyərində servis xidməti göstərilmişdir. Aqroservis tərəfindən 746,9 ton azot və 128,6 ton superfosfat gübrəsi əlverişli şərtlərlə fermerlərə paylanmışdır.
Sənaye məhsulları istehsalının həcmi 50,7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çoxdur. Bu müddət ərzində natura ifadəsində şəkər tozu istehsalı 1700 ton, neft istehsalı 400 ton, nar şirəsi istehsalı isə 2300 dekalitr artmışdır. Sənaye məhsulları ithesalı həcminin artımı İmişli şəkər zavodunun fəaliyyətini genişləndirməsi hesabına olmuşdur. 2009-cu ilin 6 ayında İmişli şəkər zavodu üzrə 45141,4 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da rayon üzrə istehsal olunmuş sənaye məhsulunun 88,9 faizini təşkil edir.
Muradxanlı İriləşdirilmiş Neft Mədəni üzrə 16941 ton neft hasil olunaraq altı aylıq plan tapşırığına 100,8 faiz əməl edilmiş, orta hesabla gün ərzində 94,1 ton neft çıxarılmışdır. Planda nəzərdə tutulan həcmdə - 300 min kubmetr qaz hasil edilmiş və daxili ehtiyaclara sərf olunmuşdur.
Göstərilmişdir ki, 2009-cu ilin 6 ayında bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafı üçün 18429,8 min manat həcmində investisiya qoyulmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə investisiyanın həcmi 1386,8 min manat və ya 8,1 faiz artmışdır. Pərakəndə əmtəə dövriyyəsi ilkin hesabatlara əsasən 36787 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 10495 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 5,2 faiz, pullu xidmətlərin həcmi isə 27,7 faiz artmışdır.
Əhalinin orta aylıq nominal əmək haqqı 192,7 manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,7 manat və ya 25,1 faiz artmışdır.
İclasda çıxış edənlər ölkədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini, Azərbaycan Prezidentinin yürütdüyü fəal xarici və daxili siyasəti hamılıqla dəstəklədiklərini söyləmişlər.