ELM VƏ TƏHSİL
İnternetşünaslığın elmi-nəzəri problemləri araşdırılır
![İnternetşünaslığın elmi-nəzəri problemləri araşdırılır](/files/2019/2/1200x630/15647496666379856007_1200x630.jpeg)
Bakı, 2 avqust, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu il elektron dövlətin formalaşması problemləri, informasiya cəmiyyətinin, internetşünaslığın elmi-nəzəri problemləri, informasiya müharibəsi texnologiyaları, eləcə də sosial medianın formalaşmasının multidissiplinar problemləri istiqamətində araşdırmalar aparılıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı şöbənin baş mütəxəssisi Rasim Mahmudov növbəti elmi seminarda açıqlayıb. Məruzəçi, həmçinin elektron dövlətin idarə olunmasında sosial kredit mexanizmlərinin imkanları və perspektivlərinin araşdırıldığını, elektron dövlət mühitində vətəndaşların sosial kreditinin qiymətləndirilməsi metodunun işlənildiyini, e-dövlət mühitində toplanmış fərdi məlumatlar əsasında cəmiyyətdə sosial münasibətlərin analiz olunduğunu qeyd edib. O, şöbənin gənc tədqiqatçıları tərəfindən korporativ informasiya sistemlərində informasiya təhlükəsizliyinə dair proqram təminatlarının icmalı, süni intellektə əsaslanan jurnalistikanın formalaşdırılması, biliklər iqtisadiyyatının formalaşmasının elmi-nəzəri əsasları, vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsinə dair araşdırmaların aparıldığını da diqqətə çatdırıb.