SİYASƏT
İordaniyalı tarixçi: İƏT-in Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləməsi İslam həmrəyliyinin təzahürüdür
Qahirə, 3 dekabr, AZƏRTAC
İordaniyalı tarixçi və yazıçı Ömər Əl-Armuti Krallığın “Nayrouz” informasiya agentliyində Azərbaycanın Vətən müharibəsinin yekununa dair geniş məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyinin təqdim etdiyi faktlar əsasında Qarabağ münaqişəsinin tarixini və sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan döyüşləri təhlil edən Əl-Armuti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizin ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləməsini İslam həmrəyliyinin təzahürü kimi dəyərləndirib. Vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif KİV-lərə bu mərhələdə münaqişənin diplomatik yollarla həllinin olmadığı barədə bəyanatları təcavüzkar ölkənin qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirib. “Məhz İƏT Xarici İşlər Nazirləri Şurasının Cakartada keçirilmiş 24-cü sessiyasında “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı qətnamə qəbul edilib və Azərbaycan torpaqlarının işğalına son qoyulması tələbi irəli sürülüb. Digər tərəfdən, həmin vaxt işğal olunmuş ərazilərdə tarixi abidələrin vəziyyəti ilə bağlı da ciddi narahatlıq ifadə olunub. İƏT-in 2000-ci ildə Dohada və 2003-cü ildə Tehranda keçirilmiş iclaslarında bununla bağlı yeni qətnamələr də qəbul edilib”, - deyə müəllif bildirib.
Məqalədə qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunmuş Ağdam, Zəngilan rayonlarında ermənilərin məscidlərdə donuz saxlamasını göstərən videomateriallar işğalçıların İslam dininə və mədəni irsinə qarşı çirkin niyyətlərini bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib ki, bu əməlləri törədənlər heç vaxt İslamın dostu ola bilməzlər.
Yazıda İƏT Parlament Assambleyasının (PA) Baş katibi Məhəmməd Xurayçi Niyasın bu ilin iyulunda Ermənistanın hərbi təxribatına qarşı verdiyi bəyanat da xatırladılıb. Həmin bəyanatda qeyd olunub ki, İƏT PA-nın 2020-ci ilin yanvar ayında Burkina-Fasoda keçirilən 15-ci Konfransından başqa, digər konfransların qətnamə və qərarlarına, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 ( 1993) və 884 (1993) saylı qətnamələrinə əsasən, erməni qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarılmalıdır. Ermənistanın bu qərar və qətnamələrə tabe olmağa məcbur edilməsi üçün onların yerinə yetirilməsi ciddi şəkildə tələb olunmalıdır.
Müəllif Pakistanın dövlət səviyyəsində Azərbaycana dəstəyini də yüksək qiymətləndirib. Bundan başqa, Fransanın Qarabağ müharibəsində qərəzli mövqe nümayiş etdirməsi, işğalçı Ermənistanı açıq-aşkar dəstəkləməsi pislənilib.
Məqalədə Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında aciz qalan Ermənistanın yaşayış məntəqələrini raket atəşinə tutduğu, Gəncə, Bərdə və Tərtərdə mülki insanları qətlə yetirdiyi diqqətə çatdırılır.
Sonda vurğulanıb ki, tarixi Qələbə qazanan Azərbaycan Ordusu BMT və İƏT-in qətnamələrini icra edib, işğal altında olan torpaqları düşməndən təmizləyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə