İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanət Fondu 2022-ci il üzrə ipoteka kreditləri üçün əlavə limitlər ayırıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara adi ipoteka kreditlərinin verilməsi üçün əlavə limitlər ayrılıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, limitlərin aktivləşdirilməsi 2022-ci il iyulun 25-də saat 11:00-da başlayacaq. 2022-ci ilin ötən dövründə Fondun vəsaiti hesabına 230,7 milyon manat məbləğində 3000-dək Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilib. Ümumilikdə, bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 227 milyon manatı, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 39 min 700-ü ötüb.