DÜNYA
İran XİN: İran müharibə aparan tərəflərin heç birinə silah-sursat verməyib
Tehran, 15 oktyabr, AZƏRTAC
İran müharibə aparan tərəflərin heç birinə silah-sursat verməyib. Bu barədə söylənilən fikirlərin əsası yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Əmir Abdullahian Portuqaliyanın xarici işlər naziri Qomez Cravinno ilə telefon danışığında deyib. Ə.Abdullahian Avropa İttifaqının gələn ay Brüsseldə keçiriləcək Nazirlər Şurasının toplantısında İrana qarşı yeni sanksiyaların müzakirəyə çıxarmasından rəsmi Tehranın narazılığını çatdırıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya Ukraynada apardığı hərbi əməliyyatlarda İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Ukrayna mütəxəssisləri vurulan PUA-ları analiz ediblər.
Mühərriklərdə cihazların nömrələrinin fars dilində yazıldığı aşkar olunub. Ukrayna Silahlı Qüvvələri bu barədə məlumatı bildirdikdən sonra Avropa İttifaqı İrana qarşı kəskin bəyanatlarla çıxış etdi və rəsmi Tehran işğalçını dəstəkləməkdə ittiham olundu. Daha sonra İran PUA-ları hərb meydanında daha çox görünməyə başladı ki, buna cavab olaraq Avropa İttifaqı İrana qarşı sanksiya tətbiq edəcəyini bildirdi.
İranlı nazir qeyd edib ki, rəsmi Tehran Rusiya ilə əməkdaşlıq edir. Lakin Ukraynada aparılan hərbi əməliyyatlar üçün Rusiyaya silah verməyib. Buna baxmayaraq, Avropa İttifaqı məsələni gündəliyə salıb və müzakirəyə çıxarmaq qərarına gəlib ki, bu da İranı narazı salıb.
Əlbəttə, bu gün iqtisadiyyatı o qədər də ürəkaçan olmayan İrana qarşı əlavə sanksiyalar ağır nəticələrə səbəb ola bilər. Uzun müddətdir ki, sanksiyalar altında yaşayan İranın həyata keçirdiyi iqtisadi tədbirlər böyük uğurlarla nəticələnməyib. Dünya bazarlarına çıxışı ABŞ sanksiyalarının nəticəsi olaraq bağlanması, neftin və qazın məhdud həcmdə ixrac edə bilməsi və digər beynəlxalq məhdudiyyətlər İran iqtisadiyyatına güclü mənfi təsir göstərir.
Bu gün İranda baş verən kütləvi etiraz aksiyalarının da əsasında iqtisadi problemlər dayanır. Məsiha Əmini adlı 22 yaşlı qızın sentyabrın 15-də əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsi İran cəmiyyətinin narazı bölümünün kütləvi şəkildə etirazına stimul verdi. Tehranda və digər böyük şəhərlərdə etirazlar yatırılıb. Lakin bu, heç də rahat olmaq üçün əsas vermir. Belə bir dönəmdə yeni sanksiyaların tətbiqi yaşayış səviyyəsi onsuz da yüksək olmayan əhalinin sosial vəziyyətini daha da gərginləşdirəcək ki, bu da təbii olaraq kütləvi etirazlara səbəb olacaq. İndiki zamanda ikinci bir etiraz dalğasının yüksəlməsi İran hakimiyyətinə qətiyyən lazım deyil. Bu səbəbdən də İranın xarici işlər naziri avropalı həmkarları ilə əlaqə saxlayaraq ölkəsinin nə Rusiya, nə də Ukraynaya hər hansı bir yolla silah-sursat vermədiyini bəyan edir.
Avropa İttifaqının İrana qarşı sanksiyalar tətbiq edib-etməyəcəyini zaman göstərəcək. Lakin İran Rusiya ilə nə qədər sıx əlaqə saxlasa, bir o qədər də sanksiya təhlükəsi olacaq.
Nəzərə çatdıraq ki, bu gün İranın xarici işlər nazirinin, həmçinin Avropa İttifaqının beynəlxalq siyasət və təhlükəsizlik üzrə komissarı Jozep Borelllə də telefon söhbəti olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran