CƏMİYYƏT
“İrəli” İctimai Birliyi və Azərbaycan Bank Tədris Mərkəzi birgə əməkdaşlığa başlayıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də “İrəli” İctimai Birliyi ilə Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) arasında əməkdaşlığın ilkin mərhələsinə start verilib.
Hər iki qurum tərəfindən birgə həyata keçirilən “Gənclər üçün tövsiyələr və dəyərli məsləhətlər” adlı seminara qatılmaq üçün müraciət edən 100-dən artıq gəncdən 60-ı layihədə iştirak hüququ qazanıb. Seminarda iştirak üçün heç bir ödəniş tələb olunmur.
İctimai Birliyin sədri Mirhəsən Seyidov seminarın açılışında proqramın uğurlu olduğunu vurğulayaraq gənclərin belə layihələrdə iştirakının əhəmiyyətini diqqətə çatdırıb. O, gənclər tərəfindən təklif olunan layihələrin reallaşdırılmasına xüsusi önəm verdiklərini qeyd edib. Bildirib ki, “İrəli” Azərbaycanda fəaliyyət göstərən bir çox banklarla gənclər arasında körpü rolu oynayacaq.
Tədbirdə ABTC-nin rəhbəri Cavanşir Abdullayev mərkəzin fəaliyyəti barədə məlumat verib, gənclərlə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Bir neçə mərhələdən ibarət olacaq proqram gənclərə gələcəkdə kiçik bizneslərini qurmaları baxımından mühüm təcrübə qazandıracaq.