CƏMİYYƏT
İşğalçı Ermənistan ilə sərhəddə yerləşən Gədəbəyin Şınıx bölgəsinin sakinləri gündəlik məişət qayğıları ilə yaşayırlar
Gədəbəy, 7 avqust (AZƏRTAC, Sabir Əliyev). Gədəbəy rayonunun işğalçı Ermənistan ilə sərhəddə yerləşən Göyəlli kəndi hər gün düşmən atəşinə məruz qalır. Ermənistan hərbi birləşmələri tərəfindən atəşkəs rejiminin mütəmadi surətdə pozulmasına baxmayaraq sakinlər gündəlik məişət qayğıları ilə yaşayır, təsərrüfat işləri ilə məşğul olurlar.
AZƏRTAC xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələri rəhbərlərinin, eləcə də ərazi icra nümayəndələrinin iştirakı ilə Göyəlli kəndində keçirilən görüşdə bölgə əhalisinin qayğıları, son günlər cəbhədə yaranan vəziyyət təhlil edildi.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov son illərdə Şınıx bölgəsində, o cümlədən Göyəlli kəndində bir sıra sosial layihələrin həyata keçirildiyini, məktəb binasının tikildiyini, mədəniyyət evinin əsaslı təmir olunduğunu bildirdi.
Diqqətə çatdırıldı ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şınıx bölgəsinin avtomobil yolu təmir edilib, Fındıqlı çayı üzərində körpü salınıb. Bölgənin əksər kəndlərində təbii qazdan istifadə olunur. Tezliklə digər kəndlər də qazlaşdırılacaq. Bölgə üçün 25 çarpayılıq xəstəxananın tikintisinə başlanılacaq.
Görüşdə sakinlər kəndarası yolların təmirinə, Şınıx çayı üzərində körpü tikintisinə ehtiyac olduğunu bildirdilər. Müraciətlərin həlli ilə bağlı yerli icra orqanlarına tapşırıqlar verildi.
Sakinlər bölgələrin inkişafına, xüsusilə işğalçı Ermənistan ilə həmsərhəd yaşayış məntəqələrinin sakinlərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.