MƏDƏNİYYƏT
İsmayıllıda Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində "Regional və yerli turizmin planlaşdırılması və idarə olunması" mövzusunda seminar keçirilmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). İsmayıllı Peşə Tədris Mərkəzində Avropa İttifaqının "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində "Regional və yerli turizmin planlaşdırılması və idarə olunması" mövzusunda regional seminar keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan seminar ümumdünya layihə rəhbəri Florian Sengstşmid, daimi Tvinninq müşaviri Daiva Kirkilaite-Çetkuti, layihənin mütəxəssisi Ferdinand Posnik və nazirliyin nümayəndəsinin rəhbərliyi altında keçirilmişdir.
Seminarda İsmayıllı və ətraf rayonların icra hakimiyyətlərinin, bələdiyyələrin, mehmanxanaların, turizm informasiya mərkəzlərinin, rayonların mədəniyyət və turizm şöbələrinin, muzeylərin və qoruqların nümayəndələri iştirak etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumdünya layihə rəhbəri Florian Sengstşmid və layihənin mütəxəssisi Ferdinand Posnik tərəfindən turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması və inkişafı, turizm məkanının təbliğatı və digər mövzulara dair məlumat verilmişdir.
Seminarın iştirakçıları müzakirələrdə fəallıq göstərmiş, mövzu ilə bağlı fikirlərini bölüşmüşlər. İştirakçılar bu tipli seminarların əhəmiyyətini vurğulayaraq, onların Azərbaycanın regionlarında turizmin inkişafında xüsusilə önəmli olduğunu bildirmişlər.
Turizm potensialı yüksək olan yerlərdə turizm bələdçilərinin olmasının vacibliyinə toxunan seminar iştirakçıları, bunun bölgəyə gələn turistlərə maraqlı məlumatların verilməsində mühüm əhəmiyyət daşıdığını da layihə rəhbərlərinin diqqətinə çatdırmışlar.