REGİONLAR
İsmayıllıda yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb
İsmayıllı, 10 sentyabr, AZƏRTAC
Bu il ali məktəblərə İsmayıllı rayon tam orta məktəblərinin 360 məzunu qəbul olunub. 49 nəfər 500-600 arası, 37 nəfər isə 600-dən çox bal toplayıb. 6 saylı tam orta məktəbin məzunu Vasif Əsədov 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə İsmayıllıda keçirilən ənənəvi təhsil bayramında danışılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatları Novruz Aslanov və Tahir Kərimli, Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları Azərbaycanda həyata keçirilən təhsil islahatlarından, Prezident İlham Əliyevin avqustun 25-26-da İsmayıllıya tarixi səfərindən, səfər çərçivəsində 400 yerlik Lahıc qəsəbə tam orta məktəbinin açılmasından, Lahıcın timsalında İsmayıllı ziyalılarına, elm adamlarına verilən qiymətdən danışıblar. Vurğulanıb ki, İsmayıllıdan ali məktəblərə qəbul olunanların sayı ilbəil artır. Bu gün şagirdlərin vətənpərvərlik, azərbaycançılıq ruhunda milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə daha ciddi yanaşılmalı, təlim və tərbiyənin uğurları bir-birini tamamlamalıdır.
İcra hakimiyyətinin başçısı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara, məktəbləri qızıl və gümüş medalla bitirənlərə, həmçinin məcburi köçkünlər yaşayan qəsəbədəki 30 saylı Ağdam rayon tam orta məktəbinin direktoru Zahid Namazova hədiyyələr təqdim edib.
600-dən çox bal toplayan və tələbə adını qazanan 37 nəfərə deputat Novruz Aslanovun adından hədiyyələr, habelə Təzəkənddən olan iş adamı Yaşar Məhərrəmovun adından həmin məktəbin ən yüksək bal toplayan məzunu Şamxal Bədəlova pul mükafatı verilib.
Təhsil bayramında rəqslər ifa olunub, şən mahnılar dinlənilib.