DÜNYA
İspaniyanın səhiyyə işçiləri antiböhran siyasətinə etiraz etmişlər
Bakı, 28 noyabr (AZƏRTAC). İspaniyada dövlət səhiyyə xidmətinin minlərlə işçisi və bu xidmətdən istifadə edənlər Madrid regional hökumətinin sərt qənaət tədbirlərinə qarşı nümayiş keçirmişlər.
“Euro news” kanalının məlumatına görə, nümayiş iştirakçıları sərt antiböhran tədbirlərinin səhiyyə sektorunun özəlləşdirilməsi və xidmətin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnəcəyini bildirmişlər. Nümayiş edənlər ötən ay elan olunmuş özəl şirkətlərə dövlət səhiyyə sistemini qismən idarə etməyə imkan verən bir sıra islahatlara qarşı çıxmışlar. Ötən ay Madrid regional hökuməti 6 əsas xəstəxananı özəlləşdirmək istədiyini bəyan etmişdir. Səhiyyə işçiləri büdcə ixtisarları və özəlləşdirmə planlarının xidmətin keyfiyyətinə təsir göstərəcəyindən narahatdırlar. İşçilərin ixtisar olunacağı ilə bağlı narahatlıqlar da vardır.
Qeyd edək ki, bu islahatlar İspaniyanın büdcə kəsirini azaltmaq üçün bütün ölkə üzrə tətbiq olunan sərt antiböhran tədbirlərinin bir hissəsidir.