MƏDƏNİYYƏT
İsveç paytaxtında keçirilən sərgidə Azərbaycan haqqında məlumat verilib
Stokholm, 3 oktyabr, AZƏRTAC
İsveç paytaxtında keçirilən sərgidə Azərbaycan haqqında məlumat verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Stokholm şəhər bələdiyyəsi tərəfindən keçirilən mədəniyyət və müxtəliflik sərgisində, İsveç paytaxtında fəaliyyət göstərən təşkilatlar və onların həyata keçirdiyi iş haqqında məlumat verilib.
Bu qəbildən olan diaspor təşkilatlardan biri, İsveç-Azərbaycan Dərnəyi (SAF) sərgi çərçivəsində Azərbaycan mədəniyyətini İsveçdə yaşayan Azərbaycan icmasının fəaliyyətini yerli ictimaiyyətə nümayiş etdirmək üçün tədbirin keçirildiyi məkanda öz guşəsini yaradıb.
Təşkilatın yaratdığı guşədə, SAF dərnəyinin fəaliyyət istiqamətləri haqqında məlumat verilərək, təşkilatın İsveçdə yaşayan həmyerlilərimizin yerli cəmiyyətə inteqrasiya edərək, milli kimliklərinin qorunması üçün fəaliyyət göstərdiyi bildirilib. Bu istiqamətdə keçirilən tədbirlər, təşkilat nəzdində Qarabağ həftə sonu məktəbi və Qarabağ rəqs qrupunun fəaliyyəti haqqında məlumat verilib.
Daha sonra Azərbaycanın qədim tarixi, xalqımızın zəngin mədəniyyəti və adət ənənələri, milli geyimləri haqqında məlumat verilməklə yanaşı, SAF dərnəyinin milli geyimdəki üzvləri yerli ictimaiyyət nümayəndələrinə müasir Azərbaycan barədə məlumat xarakterli broşürlər paylayaraq, onların ölkəmizlə bağlı suallarını cavablandırıb.
Tədbirdə, həmçinin Azərbaycanın işğal və talana məruz qalan əraziləri, Qarabağ həqiqətləri haqqında da tədbir iştirakçılarına məlumat verilib.
Sərgi əsnasında, Şarholmen bələdiyyəsinin əlaqələndiricisi Anette Manoti Azərbaycan guşəsinə gələrək, SAF dərnəyinin ümumi aktivliyini və bu sərgidə də fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan mədəniyyətinə artan marağı qeyd edib. Anette Manoti vurğulayıb ki, İsveçdə azərbaycanlı uşaqların öz mədəniyyətlərini qoruyub saxlaması məsələsində SAF dərnəyi mühüm rol oynayır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm