İQTİSADİYYAT
İtaliyada Azərbaycan iqtisadiyyatına böyük maraq göstərilir
Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan İtaliya iş adamları ilə görüş keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.
İtaliya biznes heyətinin rəhbəri Alfredo Mantika ölkəsində respublikamızın iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.
Görüşdə işgüzar əlaqələrin inkişafına dair müzakirələr aparılmış, italiyalı iş adamlarına Azərbaycanın investisiya imkanları barədə məlumat verilmişdir.