SİYASƏT
İXTİSASARTIRMA KURSUNUN NÖVBƏTİ BURAXILIŞI BAŞA ÇATMIŞDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yanvarın 11-dən 16-dək keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
“Azərbaycan Respublikasının xarici siyasəti” proqramı üzrə kursda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Bu sahədə tədrisin əsas məqsədi Azərbaycanın xarici siyasətinin vəzifələri, prinsipləri və əsas istiqamətləri, müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, dövlətimizin beynəlxalq aləmlə, dünya və region ölkələri ilə, eyni zamanda beynəlxalq və regional təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri, dünyanın və regionun təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya proseslərinə qatılması, beynəlxalq aləmdə cərəyan edən proseslərdə və transmilli dünya siyasətində iştirakı kimi aktual məsələlər və s. problemlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsidir.
Tematik plan üzrə kursda dövlətin xarici siyasətinin prioritet istiqamətləri, Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində iştirakı, onun müasir beynəlxalq təşkilatlar sisteminə inteqrasiyasının aktual problemləri və digər məsələlər əhatə edilir.
Təhsil müddəti ərzində kurslarda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev, Xarici İşlər Nazirliyinin əməkdaşları və tanınmış alim-mütəxəssislər xarici siyasətin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin istiqamət üzrə dinləyicilərin buraxılış mərasimində DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov dinləyicilərə sertifikatlar təqdim etmişdir.