DÜNYA
J.M.Barrozu: İtaliya arxayınlaşıb fiskal siyasətini yumşaltmamalıdır
Bakı, 10 may (AZƏRTAC). İtaliya arxayınlaşıb fiskal konsolidasiya proqramının sürətini azalda bilməz.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu hesab edir ki, belə siyasət məqsədəuyğun deyildir, buna görə də yeni Baş nazir Enriko Letta belə siyasətə bel bağlamamalıdır.
J.M.Barrozu demişdir: “Gerçəklik budur ki, ölkənin sabit maliyyə vəziyyəti sərmayədarların etimad göstərməsinə zəmanət verir. Bunsuz investisiyalar və deməli, iqtisadi artım da yoxdur”.
Xatırladaq ki, 2013-cü il aprelin 28-də İtaliyada Enrike Letta başda olmaqla yeni hökumət and içmişdir. Yeni hökumət sol mərkəzçilərin (PD) və sabiq baş nazir Silvio Berluskoninin “Azadlıq xalqı” Partiyasının koalisiya yaratmasının nəticəsi olmuşdur.
Yeni Nazirlər Kabineti iqtisadi tənəzzülə və işsizliyin artmasına qarşı mübarizəni əsas prioritet seçmişdir.
Koalisiya üzrə müttəfiqlərin ayrı-ayrı təklifləri xərclərin azaldılması proqramlarının şərtlərinin liberallaşdırılması ilə bağlıdır.
İtaliya hakimiyyət orqanları nümayəndələrinin fikrincə, bu, milli iqtisadiyyatın artımına təkan verəcəkdir.
E.Letta hökumətin ayrı-ayrı üzvlərinin müqavimətinə baxmayaraq, avropalı tərəfdaşlarına büdcə kəsirinin azaldılması üzrə məqsədli göstəricilər əldə etməyə sadiq qalacağını vəd edir.