ELM VƏ TƏHSİL
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
![Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb](/files/2019/2/1200x630/1564752191262331594_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 1-də keçirilmiş qabiliyyət imtahanının nəticələrini açıqlayıb.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin saytında imtahanın nəticələri ilə tanış ola bilərlər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək hüququ qazanmış 486 abituriyentdən 110-u imtahana gəlməyib. İmtahanda iştirak edən 376 abituriyentdən 344-ü “məqbul” qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.
Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) Mərkəzin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (keçmiş Asiya Universitetinin binası) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər avqustun 3-4-də qeyd olunan ünvanda şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.