MƏDƏNİYYƏT
Kembric Universitetində Novruz bayramı qeyd edilmişdir
London, 9 mart (AZƏRTAC). Kembric Universitetinin, Azərbaycan, Qazaxıstan və Özbəkistan cəmiyyətlərinin birgə təşkilatçılığı ilə universitetdə Novruz şənliyi keçirilmişdir.
Tədbirdə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın Böyük Britaniyadakı səfirliklərinin əməkdaşları, Britaniya ictimaiyyətinin nümayəndələri və müxtəlif universitetlərdən gəlmiş tələbələr iştirak etmişlər.
Şənlikdə vurğulanmışdır ki, min illər boyu qorunub saxlanılan milli mənəvi dəyərlərin ən gözəl nümunələrindən olan bu əziz bayram, dünyanın bir çox ölkəsində baharın gəlişi münasibətilə geniş şəkildə qeyd olunur.
Şənlikdə dünya ölkələrinin milli müsiqisindən nümunələr səsləndirilmiş, türk dövlətlərinin mədəniyyətinə, baharın gəlişinə və Novruz bayramına aid ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Tədbirdə “Sənətim rəqs təşkilatı”nın nümayəndəsi Sənət Mahmudova “Sudan gələn sürməli qız” mahnısının sədaları altında Azərbaycan milli rəqsini nümayiş etdirmişdir.
Londonda təhsil alan Babək Təbrizi isə Azərbaycanın “Sarı gəlin” xalq mahnısını sazda ifa etmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London