Keyfiyyətli mikrodalğalı sobanı necə seçməli?
Bakı, 10 fevral, AZƏRTAC
İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlarının satışı və istifadəsi durmadan artır. Ən müasir məişət texnikası mallarının əldə edilməsi vüsət aldıqca istehlakçıların narazılıqları da olur. Keyfiyyətsiz məhsullar sırasında soyuducular, kondisionerlər, mikrodalğalı sobalar, tozsoranlar, fenlər, ütülər və s. kimi mallar da var. Ona görə də hər bir istehlakçının bu avadanlıqları alarkən aldanmamaq üçün nə etməli olduğunu bilməsi vacibdir.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, mikrodalğalı sobalar mikrodalğaların şüalanması vasitəsilə qidanın termoemalını həyata keçirən cihazdır. Bu cihazlar vasitəsilə qidada mikrodalğaların təsiri altında suyun molekulları hərəkətə gəlir və bu qidanın qızdırılmasına səbəb olur. Bütün məhsulların tərkibində su olduğunu nəzərə alsaq, mikrodalğalı sobalardan istənilən məhsulun qızdırılması üçün istifadə etmək olar.
Mikrodalğalı sobaların mexaniki, elektron və sensorlu idarəetmə sistemi olan növləri mövcuddur. Hazırda mikrodalğalı sobalar hər bir evin, müəssisənin əvəzolunmaz məişət texnikasından biridir. Əvvəllər mikrodalğalı sobalar yalnız hazır yeməklərin qızdırılması üçün nəzərdə tutulurdusa, müasir mikrodalğalı sobalar bir çox funksiya ilə istifadəçilərə xidmət göstərir. Belə ki, tez bir zamanda soyuducudan çıxarılan donmuş qidanın buzunu açmaq, soyumuş xörəyi qızdırmaq, səhərlər bir anda dadlı buterbrodlar hazırlamaq olar. İstifadəsi sadə, qiyməti qaz sobalarından daha ucuz, elektrik sərfinə görə əlverişlidir, mətbəxdə o qədər də böyük yer tutmur.
Mikrodalğalı sobanın qeyd olunan xidmətlərindən faydalanmaq üçün isə ilk öncə onu düzgün seçmək lazımdır. Mikrodalğalı sobanın seçilməsi zamanı isə ilk olaraq onun funksiyaları, həcmi, işləmə gücü, iç örtüyü və dizaynına diqqət yetirmək lazımdır.Mikrodalğalı sobaların funksiyaları onun növündən asılıdır. Məsələn, sadə mikrodalğalı sobada yalnız isitmə, buzaçma kimi funksiyalardan yararlanmaq olursa, çoxfunksiyalı mikrodalğalı sobada isə qril, qizartma, un məmulatları hazırlama, balıq qizartma və s. kimi funksiyalardan da istifadə etmək mümkündür.
Mikrodalğalı sobalar həcmə görə adətən 18 litrdən başlayır, 40 litr və daha böyük həcmdə istehsal edilir. Əgər ailə 2 nəfərdən ibarətdirsə, 18 litr mikrodalğalı soba kifayət edəcək. Daha artıq sayda ailə üzvləri varsa, bu zaman daha artıq həcmə malik modellər seçilməlidir.
Mikrodalğalı sobanın işləmə gücü onun gördüyü işindən asılıdır. Məsələn ərzağın buzunu açmaq üçün mikrodalğalı soba 300-500 Vt, yemək bişirmək üçün 700 Vt və daha çox güc istifadə edir. Ortalama isə mikrodalğalı soba 700 -1800 Vt güc göstəricisi ilə işləyir.
Mikrodalğalı sobalar iç örtük materialına görə emal, keramik, biokeramik və paslanmaz polad örtüklü növlərə ayrılır. Bunların arasında ən keyfiyyətlisi biokeramik örtüklü iç kameraya sahib mikrodalğalı sobalardır. Belə ki, biokeramikadan hazırlanmış səth çox asan təmizlənir, ərzağın qoxusunu özündə saxlamır, düz və parlaq olur.
Mikrodalğalı sobalardan istifadə edərkən qızdırılan ərzağın hansı qabda olması da vacib məqamlardandır. Mikrodalğalı sobada qizdırılma zamanı farfor, fayans, plastmas kimi qablardan istifadə etmək olar. Əgər qabın üzərində hər hansı bir metalişləmə varsa, bu qablardan istifadə etmək olmaz, çünki bu halda kamerada qığılcım yarana bilər və bu da qısa qapanma kimi hallara gətirib çıxarar. Nəzərə alınmalıdır ki, bu cihazlar şüşə və ya korpusu zədələndiyi halda təhlükəli ola bilər.
Bu cihazları alarkən birinci növbədə satıcıdan zəruri məlumatlar alınmalıdır. Ölkə qanunvericiliyində istehlakçıların satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında təqdim olunan məlumata cavab verməsini tələb etmək hüququ təsbit edilib. Yəni istehlakçı hər hansı malı alarkən, ilk növbədə, onun keyfiyyəti ilə bağlı satıcıdan zəruri məlumatları tələb edə bilər. Eyni zamanda, istehlakçı aldığı malların, o cümlədən məişət texnikasının keyfiyyətini, komplektliyini, qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur. Bu malların satışı zamanı obyektdə onların yoxlanması üçün müvafiq şərait yaratmalıdır.
Hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkarlanarsa, istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər.
Məişət texnikası satılan bütün obyektlərdə mikrodalğalı sobalar satılır. Bəzi hallarda onların keyfiyyət sertifikatı olmur və onlara zəmanət verilmir. Bu isə istehlakçıların keyfiyyətsiz mal almasına səbəb olur. Mal alan zaman keyfiyyət sertifikatını soruşmalı və hüquqlarınızın müdafiəsində aktiv olmalısınız. Hər hansı qanun pozuntularına rast gəlinərsə, dərhal İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsinə müraciət etmək lazımdır.