CƏMİYYƏT
Kiçikhəcmli gəmilərin sürücülərinə təhlükəsizlik qaydaları izah edilib
Bakı, 10 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə yanvarın 10-da maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda Binəqədi rayonunun Novxanı qəsəbəsində keçirilən tədbirdə istifadəçilərə bu tip gəmilərin təchizat avadanlığı barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndiriliblər.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.