MƏDƏNİYYƏT
“Kitab rəngləndirir” adlı müsabiqə elan edilmişdir
Bakı, 19 avqust (AZƏRTAC). “YerAltı Book Store & Book Cafe”nin təşkilatçılığı ilə “Kitab rəngləndirir” adlı müsabiqə elan edilmişdir.
Təşkilat komitəsindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqə kitab fotoların gözü ilə (burada müəllifin yaradıcılığını göstərən hər hansı bir əsər təqdim edilə bilər), hər hansı bir kitabın mövzusuna uyğun gələn bir əsər (yağlı boya, qrafik, karikatura və ya illüstrasiya), hər hansı bir kitab haqqında esse (minimum 300 söz), insanlarda kitaba olan marağı artıracaq musiqi (Azərbaycan və ya rus dillərində) kateqoriyaları üzrə keçirilir. İştirakçı hər kateqoriya üzrə üç foto, minimum bir yağlı boya əsəri, bir esse və bir musiqi təqdim etmək imkanına malikdir. Hər kateqoriya üzrə 2 qalibə mükafat təqdim olunacaqdır.
Müsabiqədə iştirak etmək üçün “YerAltı Book Store & Book Cafe”dən müraciət blankını əldə edib, onu doldurmaq və müsabiqəyə təqdim ediləcək foto, rəsm əsəri, esse və CD-yə yazılmış musiqi ilə birgə hazır vəziyyətdə təşkilat komitəsinə təqdim etmək lazımdır.
Müsabiqəyə göndərilən əsərlər düzgün doldurulmuş müraciət-blankla birgə təqdim edilməlidir. Fotolar A4, sənət əsəri isə A3 formatında olmalıdır. Bütün bunları, həmçinin təşkilat komitəsinin yeraltınesriyyatı@gmail.com elektron ünvanına göndərmək lazımdır. Müraciətlər avqustun 30-dək qəbul olunacaqdır.
Münsiflərin toplantısı sentyabrda keçiriləcəkdir. Mükafatlandırma mərasimi və sərgi isə sentyabrın 14-də “YerAltı Book Store & Book Cafe”də baş tutacaqdır.