İDMAN
KİV-lər Arşavini təqaüdə göndərməkdə tələsmişlər
Bakı, 13 aprel (AZƏRTAC). Rusiyanın futbol üzrə yığma komandasının keçmiş kapitanı Andrey Arşavin idman karyerasını başa çatdırmaq niyyətində deyildir. Xarici KİV-lər oyunçunun sözlərindən sitat gətirərək yazırlar: “Mən butslarımı mıxdan asmağa hazırlaşmıram. Bunu qəzetlərdən öyrəndim. Nə məşqçidən, nə də agentdən heç vaxt belə bir şey eşitməmişəm”.
A.Arşavin demişdir ki, yaxın vaxtlarda “Arsenal”dan gedəcəyəm. Lakin sonralar da oynamaq niyyətindəyəm və digər klublardan təkliflər gözləyirəm. Ola bilsin ki, kənardan baxanda bu həmişə görünmür, lakin mən məşqləri davam etdirirəm və əvvəlki kimi futbolu sevirəm.
A.Arşavinin sözlərinə görə, karyerasını davam etdirmək üçün o, İspaniya, Almaniya və Rusiyadan təklifləri gözdən keçirməyə hazır olacaqdır.
AZƏRTAC xəbər verir ki, rusiyalının londonlularla müqaviləsi iki aydan sonra başa çatacaqdır. “Topçular” isə yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyə hazırlaşmırlar. Mayda 32 yaşı tamam olacaq Arşavin son vaxtlar praktiki olaraq fəal oyun nümayiş etdirməmişdir.