MƏDƏNİYYƏT
Kiyevdəki Səməd Vurğun adına kitabxanada gənc qiraətçilərin “Azərbaycan mənim taleyimin talismanıdır!” mövzusunda beynəlxalq müsabiqəsi keçirilmişdir
Kiyev, 15 oktyabr (AZƏRTAC). Kiyevdəki Səməd Vurğun adına kitabxanada gənc qiraətçilərin "Азербайджан – моєї долі талісман!" (“Azərbaycan mənim taleyimin talismanıdır!”) mövzusunda beynəlxalq müsabiqəsi keçirilmişdir.
Azərbaycan dramaturgiyasının banisi, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş tədbir tanınmış idmançı və ictimai xadim Oleq Krapivinin başçılıq etdiyi Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman mərkəzi tərəfindən təşkil olunmuşdur.
Müsabiqədə Kiyevin 9 ümumtəhsil məktəbinin 4-11-ci sinif şagirdləri iştirak etmişdir. Gənc qiraətçilər Azərbaycan şairlərinin şeirlərini Azərbaycan, Ukrayna və rus dillərində deklamasiya etmişlər.
“Uşaqlar – üçüncü minillik” xeyriyyə fondunun prezidenti Aleksandr Radçenko, Kiyevin Obolonski rayonunun elm idarəsinin metodisti Yelena Kartaşeva, Şərqşünaslıq kafedrasının dosenti Firuzə Yəhyayeva, kitabxananın direktoru Qalina Kisla və başqalarının daxil olduğu nüfuzlu münsiflər heyəti müsabiqənin 14 ən yaxşı iştirakçısını seçmişdir. Onlara Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman mərkəzinin fəxri fərmanları və hədiyyələr təqdim edilmişdir.
Mükafatları Mərkəzin nümayəndəsi, Ukrayna Azərbaycanlılar Konqresinin Kiyev şəhər təşkilatının sədrinin birinci müavini Seyidəli Qədiməliyev təqdim etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev