DÜNYA
Kosmosda almazla zəngin planet aşkarlanmışdır
Bakı, 16 oktyabr (AZƏRTAC). Amerikan-fransız astronomlar qrupu Xərçəng bürcündə almazla zəngin planet aşkarlamışlar.
Mütəxəssislərin sözlərinə görə, “55 Cancri e” adlandırılmış səma cismi Yer kürəsindən 40 işıq ili qədər məsafədə yerləşir. Diametri Yeri iki dəfə, kütləsi isə 8 dəfə üstələyən planet su və yaxud başqa maddə ilə deyil, qrafit və almaz qatları ilə örtülmüşdür.
Planetimizdən çox asanlıqla görünməsi mümkün olan ulduzun ətrafında dövr edən “55 Cancri e” hələ 2004-cü ildə kəşf edilmişdir. Belçikalı astrofiziklər 7 il sonra səma cisminin bütünlüklə su ilə örtülməsi haqqında iddia irəli sürmüşdülər. Lakin xüsusi kompyuter modelləri vasitəsilə planetin yeraltı sərvətinin kimyəvi tərkibini öyrənmək istəyən ABŞ və Fransa astronomları səma cisminin 30 faiz almazdan ibarət olduğunu sübut etdilər.
Planetin üst qatları dəmir nüvəsi, dərinlikləri isə almazdan başqa, karbon, silisumlu karbid, müxtəlif silikatlarla zəngindir.
Layihənin müəlliflərindən biri Yel Universitetinin tədqiqatçısı Nikku Madhusudhan almazların tərkibinə görə Yer kürəsindəki almazlara oxşadığını, bununla yanaşı orada maye halında da yerləşə biləcəyini demişdir.
Alimlər əvvəllər də buna bənzər planetlər aşkarlamışlar. 2010-cu ildə almaz yataqlarının Günəş sisteminə daxil olan planetlərdə - Neptun və Uranda da olması barədə ehtimal irəli sürülmüşdür. 2011-ci ildə isə alimlər İlan bürcündə almazla zəngin planet aşkarlamışlar.
Lakin “55 Cancri e”-nin yeni səma cismi olaraq günəşəoxşar planet yanında aşkarlanması elm aləmində ilk dəfə təsbit edilmiş yenilikdir.