SİYASƏT
KTMT ÜZVÜ OLAN ÖLKƏLƏR KOLLEKTİV ÇEVİK ƏMƏLİYYAT QÜVVƏLƏRİ YARADACAQLAR
Bakı, 4 fevral (AZƏRTAC). Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) Moskva Kremlində keçirilmiş növbədənkənar sessiyasında bu təşkilat çərçivəsində yeni qurum – Kollektiv Çevik Əməliyyat Qüvvələri (KÇƏQ) yaradılması qərara alınmışdır.
KÇƏQ-nin tərkibinə KTMT üzvü olan ölkələrin – Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın hərbi hissələri və hərbi bölmələri daxil olacaqdır. Rusiya ən çoxsaylı kontingent – Hava Desant Qoşunlarının 98-ci qvardiya hava-desant diviziyasını və 31-ci desant hücum briqadasını təqdim edəcəkdir.
Sessiyada çevik əməliyyat qüvvələrinin yaradılması ilə əlaqədar əməli tədbirlərin həyata keçirilməsi məsələləri də müzakirə edilmişdir. Bu qüvvələrdən hərbi təcavüzün dəf edilməsi, beynəlxaql terrorizmə və ekstremizm təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotrafika qarşı mübarizə üzrə xüsusi əməliyyatlar keçirilməsi, habelə təbii və texnogen xarakterli fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üçün istifadə ediləcəkdir.
Rusiya kütləvi informasiya vasitələrində bildirilir ki, bu qayda ilə KTMT NATO-nun genişlənməsinə bir növ cavab olaraq tamdəyərli hərbi-siyasi ittifaqa çevriləcəkdir.