MƏDƏNİYYƏT
“Külək - Bozqurdun sirri” kitabının təqdimatı olub
Bakı, 27 iyul, AZƏRTAC
Dövlət Bayrağı Meydanı ərazisində yerləşən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində gənc yazar Xülya Cəfərovanın “Külək- Bozqurdun sirri” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, mərasim “ASAN Könüllülük” Məktəbi, Azərbaycan Respublikasının Gənclər Fondu, “YARAT” Müasir İncəsənət Məkanı, “Məktəblinin dostu” və “Külək” layihələrinin birgə təşkilatçılığı ilə keçirilib.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva müəllifin Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq superqəhrəmanlar mövzusundan bəhs edən və ötən ilin bestselleri olan “Külək- Yer kürəsinin şahzadəsi” kitabı haqqında danışıb, fantastika janrında yazılan romanda elmi, texnoloji yeniliklər, tarixi faktlarla əlaqədar məlumatların əks olunmasını gənclərin intellektual inkişafına yardım edən faydalı vəsait kimi dəyərləndirib.
“Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov kitabda milli-mənəvi dəyərlərlə yanaşı, türk dünyasının ortaq dəyərləri, şanlı tarixinin təbliğ olunması ilə yanaşı, həmçinin müəllifin oxuculara ötürdüyü birlik, bərabərlik, insan gücünün hüdudsuz imkanları kimi dəyərlərdən danışıb.
“YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Hökümə Kərimova, “ASAN Könüllük” Məktəbinin rəhbəri Cahangir Hacıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və başqaları çıxış edərək kitabın şüuraltı fikirlərə, insanın içindəki ağlasığmaz utopik düşüncələrə doğru sehrli səyahətə aparan mövzusu, qəhrəmanların müxtəlif məkanlarda baş verən macəraları, oxucunu öz təsiri altında saxlayan dramatik süjet xətti haqqında bəhs ediblər.
Əsərlə əlaqədar videoçarxların nümayiş edildiyi mərasimdə “Külək- Bozqurdun sirri” kitabının müəllifi Xülya Cəfərova uşaqlar, yeniyetmə və gənclərə ünvanlanmış əsərinə göstərilən diqqət üçün təşəkkürünü bildirib, onları yeni-yeni kitablarla sevindirəcəyini söyləyib.