REGİONLAR
Kürdəmir heyvandarları doqquz ayı uğurlu göstəricilərlə başa vurublar
Kürdəmir, 9 oktyabr, AZƏRTAC
Kürdəmir rayonunda heyvandarlıqda doqquz ayın yekunları uğuru olub. Belə ki, istər iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayında, istərsə də bütün göstəricilər üzrə məhsul istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin doqquz ayında iribuynuzlu mal-qaranın baş sayı 65 min 211 başa, davarların sayı isə 134 min 646 başa çatıb. Bu ilin doqquz ayında rayonda keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 18,7 faiz artıb və 6911 ton olub. Habelə, süd istehsalı 4,7 faiz artaraq 34165 ton, yumurta istehsalı 28,6 faiz artaraq 22 milyon 262 min ədəd, yun istehsalı isə 4,1 faiz çoxalaraq 286 ton təşkil edib.
Bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Təkcə bu ilin doqquz ayında 1718 baş heyvan süni yolla mayalandırılıb, 906 baş cins bala alınıb.