REGİONLAR
Kürdəmir: pambıq əkini sahələri azalsa da, məhsul istehsalı iki dəfəyə yaxın artıb
Kürdəmir, 13 dekabr, AZƏRTAC
Payızın son günlərində hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Kürdəmir pambıqçıları ağır zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınadək yığmaq əzmindədirlər. Cari mövsümdə 2809 hektarda “ağ qızıl” yetişdirən pambıqçılar indiyədək 6408,4 ton məhsul toplayıblar və hazırda məhsul yığımı davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günlərdə pambıq yığımı əsasən “P- Aqro” MMC-nin Xırdapay, Qarasu, Şilyan, Muradxan və bir sıra digər ərazi dairələrində yetişdirdiyi sahələrdən yığılır. Bu sahələr 1800 hektar ərazini əhatə edir.
Rayonda pambıq əkini sahələri ötən ildəkinə nisbətən 2221 hektar azalsa da, məhsul istehsalı iki dəfəyə yaxın artıb. Hər hektardan indiyədək 22,8 sentner “ağ qızıl” götürülüb. Halbuki ötən il bu göstərici 13,44 sentner olub.