SİYASƏT
Kürşad Zorlu: Prezident İlham Əliyev bütün təzyiqlərə mərdliklə sinə gərərək böyük Qələbəyə doğru inamla addımladı
![Kürşad Zorlu: Prezident İlham Əliyev bütün təzyiqlərə mərdliklə sinə gərərək böyük Qələbəyə doğru inamla addımladı](/files/2020/3/1200x630/1608709499724462307_1200x630.jpg)
Ankara, 23 dekabr, AZƏRTAC
Dünya şöhrətli siyasi xadim, bütün türk dünyasının sevimlisi, məhrum Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmək, Ümummilli Liderin ideyalarını həyata keçirmək qətiyyən asan məsələ deyildi. Lakin Prezident İlham Əliyev bütün bunları məharətlə bacardı və şanlı bir zəfərlə Azərbaycanın dövlətçilik tarixində yeni bir parlaq mərhələnin başlanğıcını qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Bozok Universitetinin dekanı, professor Kürşad Zorlu bildirib.
Türkiyə nümayəndə heyətinin tərkibində Prezident İlham Əliyevlə görüşünün həyatının ən xoş anlarından biri olduğunu vurğulayan Kürşad Zorlu deyib: “Prezident İlham Əliyev tərəfindən qəbul edilməyimiz Qafqazın nadir mədəniyyət mərkəzlərindən olan Şuşanın işğaldan azad olunması ərəfəsinə təsadüf etdi. Azərbaycan Vətən müharibəsi aparırdı. Olduqca məsuliyyətli günlər yaşanırdı. Bunlara baxmayaraq, Prezident İlham Əliyev bütün davranışları, qətiyyəti, dərin məntiqi və təmkini ilə Müzəffər Ali Baş Komandan olduğunu təsdiq edirdi. Dövlət başçısı Azərbaycanın zəfər qazanacağına bütün varlığı ilə inanırdı”.
Professor Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının dövlətimizin başçısının fəaliyyətində mühüm istiqamət olmasını yüksək dəyərləndirib.
Türkiyəli alim daha sonra deyib: “Dövlət başçısının dillər əzbəri olan “Nə oldu Paşinyan?” ifadəsi təkcə təcavüzkar dövlətin baş nazirinə deyil, keçmiş Dağlıq Qarabağ münaqişəsini süni şəkildə yaratmaqla Azərbaycanın suverenliyini əngəlləməyə çalışan, sonrakı mərhələdə bu münaqişəni siyasi və hərbi təzyiq vasitəsinə çevirən, o cümlədən işğal altındakı torpaqları nəyin bahasına olursa-olsun Azərbaycandan qoparmaq üçün səylər göstərən bütün destruktiv qüvvələrə ünvanlanan tarixi bir mesajdır”.
Professor bildirib ki, Prezident İlham Əliyev bütün təzyiqlərə mərdliklə sinə gərərək haqq mübarizəsindən bir addım da olsa belə geri çəkilmədən böyük qələbəyə doğru inamlı şəkildə addımladı. Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri Azərbaycan üçün daha fundamental inkişaf strategiyası ortaya çıxarıb. Qarşıda böyük işlər gözlənilir. Prezident İlham Əliyev bütün bu hədəflər üçün böyük intellektual potensiala malikdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara