CƏMİYYƏT
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan etmişdir
Bakı, 27 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan media məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqə elan etmişdir.
AZƏRTAC xəbər verir ki, müsabiqə fondu 60 min manat təşkil edir və 3 istiqamət üzrə həyata keçirilir: Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması, mətbuat məkanında ədəbi dilin qorunması və jurnalist peşəkarlığının artırılması. Hər istiqamət üzrə 20 min manat nəzərdə tutulmuşdur.
Müsabiqədə dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı bir illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları iştirak edə bilərlər.
Qiymətləndirilmə zamanı layihənin məqsədinin aydınlığı və konkretliyi, fəaliyyət planının inandırıcı olması, büdcəsinin reallığı, ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, layihə təqdim etmiş jurnalist təşkilatının KİV-lərlə iş təcrübəsinə malik olması, Bakı şəhərində normal iş şəraitinə malik ofisinin olması kimi meyarlar əsas götürülür.
Hər qurum yalnız bir layihə təqdim edə bilər.
Sənədlər iyunun 27-dən iyulun 7-dək qəbul olunacaqdır. Layihənin müddəti 5 ay nəzərdə tutulmuşdur.